Təhlil etdiyimiz tarixi və arxeoloji tapıntıların da açıq-aşkar göstərdiyi kimi darvinistlərin tarixin və cəmiyyətlərin təkamülü iddiası bir cəfəngiyatdır. Heç bir elmi əsası olmayan bu iddiaların gündəmdə tutulmasının kökündə isə materializmi müdafiə etmək qayğısı durur. Məlum olduğu kimi, materialistlər yaradılış həqiqətini rədd etmə yanlışlığı içərisindədir. Maddənin sonsuzdan bəri var olduğunu və sonsuza qədər də mütləq bir varlıq olaraq qalacağını hesab edirlər. Başqa sözlə, özlərinə görə, maddəni ilahlaşdırırlar (Allah`ı tənzih edirik). Halbuki, bu gün elmin çatdığı son səviyyə kainatın yoxdan var edildiyi, yəni yaradıldığı həqiqətini təsdiqləyir, materializmi və materialist baxışlara əsaslanan bütün nəzəriyyə və fəlsəfələri isə yalanlayır.
Buna baxmayaraq, materialistlər maddənin mütləq deyil, yaradılmış olduğu həqiqətini elmin ziddinə getmək bahasına da olsa qəbul etməzlər. Halbuki, ön mühakimələri və doqmalarından bir anlıq belə uzaqlaşsalar, onlar da açıq şəkildə həqiqəti görəcək, materialist təlqinlərin əsasında edilən sehrin təsirindən qurtula biləcəklər. Bunun üçün öz baxışlarını bir kənara qoyub, ideoloji mübtəlalıqdan özlərini çəkindirərək səmimi düşünmələri kifayət edər.
İlk olaraq düşünülməsi lazım olan məsələlərdən biri də zaman anlayışının əsl xassəsidir. Bu səbəbdən də materialistlər maddənin, bəzən də zamanın mütləq olduğunu hesab edirlər. Və bu yanlışlıq bir çox həqiqətləri görmələrinə mane olur. Müasir elm maddə kimi maddənin bir törəməsi olan zamanın da maddə ilə birlikdə yoxluqdan var edildiyini və zamanın da bir başlanğıcı olduğunu sübut etmişdir. Eyni zamanda, zamanın nisbi anlayış olduğu, materialistlərin yüz illərdir zənn etdikləri kimi dəyişməz və sabit olmadığı, dəyişən bir anlayış forması olduğu da bu əsrdə aşkar edilmişdir.