Avqust Komte (August Comte), Herbet Spenser (Herbert Spencer), Levis Henri Morqan (Lewis Henry Morgan) kimi ideoloqlar tərəfindən müxtəlif dövrlərdə irəli sürülən və daha sonra Çarlz Darvinin nəzəriyyəsi ilə birləşdirilən sosial mədəni təkamül anlayışındakı yanlışlıqlara uyğun olaraq bütün cəmiyyətlər ibtidaidən aliyə doğru bir təkamül keçirir. 19-cu əsrin sonlarında inkişaf edən və Birinci Dünya Müharibəsi dövründə təsirini getdikcə artıran bu yanlışlıq sonrakı illərdə irqçilik, müstəmləkəçilik, yevgenika kimi bir çox qəddar cərəyan və təcrübələrin guya elmi əsasını təşkil edirdi. Dünyanın müxtəlif bölgələrində yaşayan fərqli mədəniyyətlərə, rənglərə, fiziki xüsusiyyətlərə sahib olan müxtəlif xalqlar bu cür elmdən kənar anlayışı irəli sürərək insanlıqdan kənar davranışlara səbəb oldular.
Adam Ferqüson (Adam Ferguson), Con Millar (John Millar), Adam Smit (Adam Smith) kimi yazıçı və mütəfəkkirlər bütün cəmiyyətlərin dörd əsas mərhələdən keçərək guya təkamülə uğradıqlarını irəli sürürdülər. Bu dörd mərhələ bunlardır: ovçuluq və yığıcılıq, heyvandarlıq, əkinçilik və son olaraq ticarət. Təkamülçü iddialara görə, guya meymunabənzərlikdən yeni çıxmış ibtidai insan düzəltdiyi sadə alətlərlə sadəcə ov edir və ətrafındakı bitkiləri, meyvələri və s. yığırdı. Zehni və bacarığı daha da inkişaf etdikcə heyvanları əhliləşdirməyə başladı, daha sonra isə əkinçiliklə məşğul ola biləcək qədər inkişaf etdi və ən son olaraq da ticarətlə məşğul ola biləcək zəka və bacarığa sahib oldu. Lakin arxeologiya və antropologiya kimi elm sahələrində baş verən irəliləyişlər və əldə edilən tapıntılar “mədəni və ictimai təkamül hekayəsinin” əsas iddiasının əsassız olduğunu göstərdi. Bütün bunlar materialistlərin insanı ağılsız heyvanlardan təkmilləşmiş bir canlı kimi göstərmə və fəlsəfi olaraq inandıqları bu nağılı elmdə yerləşdirmə cəhdindən başqa bir şey deyil.
Aydındır ki, insanların ovçuluq və ya əkinçiliklə güzəranlarını təmin etməsi onların zehni bacarıq baxımından daha inkişaf etmiş və yaxud geridə qalmış olmalarını göstərmir. Yəni ovçuluqla öz yaşayışlarını təmin edən bir cəmiyyət daha geridə qaldığı üçün və zehni cəhətdən guya meymunlara daha yaxın olduğu üçün ovçuluqla məşğul olmur. Yaxud da bir cəmiyyətin əkinçiliklə məşğul olması onun meymunabənzərlikdən uzaqlaşdığı demək deyil. Cəmiyyətlərin məşğuliyyətləri insanların bir başqa canlıdan törədiyini göstərən ünsürlər də deyil. Bu məşğuliyyətlər guya təkamül müddəti ərzində zehni və bacarıq baxımından daha inkişaf etmiş fərdləri meydana gətirmir, yəni bir canlı növünü meydana gətirmir. Hazırkı dövrdə də texnologiya baxımından geridə qalmış bir çox qəbilə yalnız ovçuluq və yığıcılıqla məşğul olur. Lakin bu vəziyyət onların daha az insana bənzədiklərini göstərmir. Eyni vəziyyət bundan yüz minlərlə il əvvəl yaşayan insanlar üçün olduğu kimi, bundan on minlərlə il sonra yaşayacaq insanlar üçün də qüvvədədir. Nə keçmişdə yaşayanlar ibtidai insanlardır, nə də gələcəkdə yaşayanlar daha inkişaf etmiş fərqli bir növ olacaq.
Yaşayış formasından asılı olaraq, cəmiyyətlərə bir təkamüli mədəniyyət tarixi yazmaq qeyri-elmi bir nəzər nöqtəsidir. Bu nəzər nöqtəsi arxeoloji qazıntılarda əldə edilən bəzi tapıntıların darvinist elm adamlarının fikrinə görə materialist ideologiyasının ön mühakiməsinə uyğun olaraq şərh edilməsinə əsaslanır. Bu batil inanca görə, daş alətlərdən istifadə edən insanlar xırıltılı səslər çıxaran, dizləri və beli bükülmüş şəkildə yeriyən heyvanabənzər davranışlı meymun adamlar olduqları fərz edilirdi. Halbuki, tapılan heç bir tapıntı onlardan istifadə edənin zehni bacarığının həcminə dair dəqiq dəlil ola bilməz. Daha əvvəl də qeyd etdiyimiz kimi, bu, bir təxəyyül məhsuludur; məsələn, günümüzdən yüz min il sonra bu dövrə aid müxtəlif şəkillərdəki müasir sənət əsərləri tapılmış olsa və gələcəkdəki insanların günümüzə aid başqa heç bir tapıntıları olmasa, böyük ethimalla bu əsərlərə əsaslanaraq müasir dövrümüzün insanları və malik olduqları texnoloji imkanlar haqqında çox fərqli şərhlər verə bilər və təsvirlər canlandıra bilərlər.
Xalqların təkamülü iddiası, göründüyü kimi, heç bir elmi dəlilə əsaslanmayan xəyali hekayələrdən ibarətdir. Və bu hekayələrin əsası insanın guya meymunabənzər bir zehnə sahib olduğu yanlışlığını müdafiə edən elmdən kənar nəzər nöqtəsidir. Harvard Universitetinin təkamülçü antropoloqu Uilyam Hovels (William Howells) bu həqiqətlə bağlı belə etiraf etmişdir:
Təkamül nəzəriyyəsi orqanizmlə bağlı olmayan, lakin davranışla bağlı olan digər sualları doğurur. Bunlar fəlsəfə ilə bağlıdır, [elmi] həqiqətləri tapmaq çox çətindir. Davranış kəllə sümüyü kimi daşlaşa bilməz və ya daşdan alətlər kimi günümüzə qədər gəlib çatmaz və belə olan halda, bizdə [qədim dövrlərdə] nələrin baş verdiyinə dair çox az işarələr var, ehtimalların sınaqdan keçirilməsi isə imkansızdır.38
Bundan başqa, son vaxtlarda sosial alimlərin böyük əksəriyyəti təkamülçü baxışın yanlışlıqlarını qəbul edir. Bu elm adamları sosial təkamül nəzəriyyəsinin aşağıdakı məqamlarda elmlə ziddiyyət təşkil etdiyini deyirlər:
• Nəzəriyyə etnik ayrı-seçkiliklə dərindən bağlıdır; müxtəlif xalqlar haqqında qərəzli qiymətləndirmə edir, məsələn, yalnız qərb xalqlarını mədəniləşmiş olaraq dəyərləndirir.
• Bütün cəmiyyətlərin eyni yolu, yaxud da eyni vasitələrdən istifadə edərək inkişaf etdiyini və eyni hədəflərə sahib olduğunu irəli sürürlər.
• Cəmiyyəti materialist baxışla dəyərləndirirlər.
• Tapıntılarla əksər hallarda ziddiyyət təşkil edir. İbtidai şəraitdə yaşayan bir çox xalq müasir olaraq qəbul edilən müxtəlif xalqlardan daha mədəni dəyərlərə sahibdir, yəni sülhsevər və bərabərlik tərəfdarıdır. Bir çoxu qidalanma şərtləri ilə əlaqədar çox sağlam və güclüdür.
Bu maddələrdən açıq aydın göründüyü kimi, xalqların ibtidaidən aliyə doğru inkişaf etdiyini irəli sürən təkamülçü anlayış elmi dəyərlərlə və həqiqətlə uyğunluq təşkil etmir. Bu materialist ideologiyasının təsiri ilə irəli sürülən məcburi şərhlərə əsaslanan bir nəzəriyyədir. Qədim sivilizasiyaların izləri və əsərləri də təkamülçülərin “tarixin və sivilizasiyaların təkamülü” aldatmacasının yanlışlıqlarını göstərir.
Qeydlər:
38. William Howells, Getting Here: The Story of Human Evolution, Compass Press, Washington, DC., 1993, səh. 229