Təkamülçülər guya meymunabənzər insanların Avropada bundan təqribən 30-40 min il əvvəl, Afrikada bir az daha qədim dövrdə ani keçid dövrü yaşadıqlarını, beləliklə də, birdən-birə müasir insanlar kimi düşünmək və istehsal etmək qabiliyyəti qazandıqlarını irəli sürürlər. Çünki həmin dövrə aid arxeoloji tapıntılar təkamül nəzəriyyəsi ilə açıqlanması mümkün olmayan dəlillərdir. Darvinist bir iddiaya görə, təxminən 200 min il ərzində dəyişməmiş qalan daş alət texnologiyasının yerini birdən birə daha inkişaf etmiş və sürətlə inkişaf edən əl sənəti texnologiyası tutmuşdur. Guya bir müddət əvvəl ağacdan yerə düşən və müasirləşməyə başlayan xəyali ibtidai insan birdən-birə mahir qabiliyyətlər əldə etmiş, mağara divarlarını oyaraq və ya rəngləyərək heyranedici rəsmlər çəkməyə başlamış, boyunbağı, gərdənlik kimi olduqca estetik bəzək əşyaları düzəltmişlər. Bəs nə oldu ki, belə bir inkişaf yarandı? “Yarı meymun ibtidai varlıqlar” hansı səbəbdən və necə birdən birə incəsənətə meyil göstərdi? Təkamülçü alimlər bunun necə həyata keçdiyini heç bir yolla izah edə bilməzlər, lakin bir neçə fərziyyə irəli sürürlər. Təkamülçü Rocer Levin (Roger Lewin) darvinistlərin bu mövzuda keçirdiyi sıxıntını “Müasir insanın mənşəyi” kitabında bu sözlərlə ifadə edir: “Hələ də natamam olan arxeoloji qeydlərin hər baxımdan qeyri-müəyyən olmasına baxmayaraq, alimlər bu sualı fərqli şəkildə cavablandırırlar”.11
Arxeoloji tapıntıların göstərdiyi həqiqət isə insanın var olduğu gündən etibarən mədəni anlayışa sahib olmasıdır. Bu anlayış çərçivəsində bəzən inkişaf, bəzən kəskin dəyişikliklərin baş verməsi mümkündür. Lakin bu təkamül prosesinin baş verməsi deyil, mədəni bir inkişafın və dəyişikliyin baş verdiyi mənasını ifadə edir. Təkamülçülərin “ani dəyişiklik” kimi adlandırdıqları incəsənət əsərlərin ortaya çıxması da bioloji (xüsusən də zehni qabiliyyət) kimi insanın inkişafını göstərən bir vəziyyət deyil. Həmin dövrdə yaşayan insanlar bəzi ictimai dəyişikliklərə məruz qalmış ola bilər, incəsənət və istehsal anlayışları dəyişmiş ola bilər, lakin bu məlumatlar insanın ibtidaidən müasirliyə keçid yolu keçdiyini göstərən dəlillər deyil.
Qədim insanların özlərindən sonra qoyduqları arxeoloji izlərlə təkamülçülərə görə mövcud olmalı anatomik və bioloji izlərin bir-biriləri ilə uyğunsuzluğu da darvinizmin bu mövzudakı iddialarını bir daha əsassız edir. (Darvinizmin əsas iddiası olan insanın uydurma şəcərəsini elmi cəhətdən alt-üst edən məlumatlar üçün bax: Harun Yəhya, “Həyatın gerçək mənşəyi”) Təkamülçü iddiaya görə, insanın mədəni inkişafı bioloji inkişafı ilə düz mütənasib olmalıdır. Məsələn, insanlar əvvəlcə sadə cizgilər vasitəsi ilə sənətkarlıq qabiliyyətlərini nümayiş etdirməli, daha sonra isə həmin cizgilər daha da inkişaf etməli, bu cizgilər yavaş-yavaş inkişaf edərək sənətkarlığın zirvəsinə ucalmalıdır. Halbuki, bəşər tarixinə aid tapılmış ilk sənət izləri bu fərziyyəni bünövrəsindən zədələyir. Sənətkarlıq tarixinin ilk nümunələri kimi qəbul edilən mağara rəsmləri, oymaları və qayaüstü relyeflər həmin dövrdə yaşayan insanın çox yüksək səviyyəli sənətkarlıq qabiliyyətinə sahib olduğunu göstərir. Mağaralarda tədqiqatlar aparan alimlər həmin rəsmləri incəsənət tarixinin ən əhəmiyyətli və dəyərli işlərindən biri olaraq dəyərləndirir. Rəsmlərdəki kölgə effektləri, perspektiv təsvirdən istifadə və zərif cizgilər, relyeflərdə ustalıqla əks etdirilən dərinlik hissi, oymalarda günəş işığının düşməsi ilə meydana gələn oynamalar, təkamülçülərin izah edə bilməyəcəyi xüsusiyyətlərdir. Çünki bunlar darvinist iddiaya görə, çox sonrakı dövrdə meydana gəlməli bir tərəqqidir.
Fransa, İspaniya, İtaliya, Çin, Hindistan və Afrikanın müxtəlif bölgələrində, bir sözlə, dünyanın müxtəlif yerlərində tapılan bir çox mağara rəsmi qədim insanın mədəni səviyyəsi haqqında çox vacib məlumatları təqdim edir. Bu rəsmlərdə istifadə edilən üslub və boya texnikası tədqiqatçıları çaşdıracaq keyfiyyət və üstünlüyə malikdir. Darvinist alimlər bu rəsmləri ön mühakimə ilə qiymətləndirir, çaşqınlıq içərisində olmalarına baxmayaraq, sözü gedən əsərləri təkamül hekayələrini bəzəmək üçün qərəzli bir şəkildə şərh edirlər. Müasir insanın bədən quruluşuna sahib olmayan varlıqların olduqca ibtidai şərtlər daxilində yaşadıqları mağaralarda qorxduqları və ya ovladıqları heyvanların şəkillərini çəkdiklərini bildirirlər. Halbuki, bu əsərlərdə istifadə edilən texnikalar sözü gedən şəkli çəkən sənətkarların çox dərin bir qavrayışa, qavradıqlarını təsiredici bir şəkildə əks etdirmək qabiliyyətinə sahib olduqlarını göstərir. İstifadə edilən rəngləmə texnikası isə heç də təxmin edildiyi kimi ibtidai bir şəraitdə yaşamadıqlarının başqa bir göstəricisidir. Bundan əlavə, mağara divarlarına çəkilmiş bu şəkillər dövrün insanlarının mağaralarda yaşadığını göstərən bir dəlil deyil. Bu əsərləri meydana gətirən sənətkarlar yaxınlıqda bir evdə yaşaya, lakin əsərlərini sözü gedən mağara divarlarında çəkməyi üstün tutmuş ola bilərdi. Nəyi çəkəcəyini hansı hiss və düşüncə ilə seçəcəyi isə sənətkara məlumdur. Belə rəsmlər üzrə bir çox şərh verilə bilər, lakin veriləcək şərhlərdən həqiqətə ən çox zidd olanı isə onların ibtidailikdən təzəcə çıxmış varlıqlar tərəfindən çəkilmiş olmalarıdır. Bundan əlavə, BBC-nin internet vasitəsi ilə yayımlanan elmi səhifəsində yer alan 22 fevral, 2000-ci il tarixli xəbərdə mağara rəsmləri ilə əlaqədar olaraq aşağıdakı sətirlər dərc edilmişdir:
Bunların ibtidai insanlar tərəfindən çəkildiyi güman edilirdi... Lakin iki alimin apardığı araşdırmalara görə, antik rəssamlarla bağlı bu qənaət tamamilə yanlışdır. Onlar bu şəkillərin mürəkkəb olduğunu və müasir cəmiyyətin dəlilləri olduğunu düşünürlər.12
Müasir incəsənət anlayışının bir sıra əsəri də minlərlə il sonra eyni məntiqlə dəyərləndirilə bilsəydi, 21-ci əsr cəmiyyətinin ibtidai qəbilə və yaxud inkişaf etmiş mədəniyyət olması bir sıra mübahisələrə səbəb ola bilərdi. Bundan 5000 il sonra müasir rəssamların tabloları heç bir zərər görmədən tapılsa və müasir dövrümüzə aid heç bir tarixi dəlil qalmamış olsa, həmin dövrün insanları dövrümüz haqqında nə düşünərdi? Van Qoqun (Van Gogh) və ya Pablo Pikassonun (Pablo Picasso) əsərlərini tapan gələcəyin insanları təkamülçü məntiqə görə hərəkət etsələr, müasir cəmiyyətimiz üçün neçə şərhlər verərdilər? Mənzərə şəkli çəkən Klod Mone (Claude Monet) üçün “sənaye hələ inkişaf etməmiş, insanlar əkinçiliklə məşğul olurdular” və ya Kandinskinin abstrakt rəsmlərinə “hələ yazıb oxuya bilməyən, inkişaf etməmiş insanlar müxtəlif qaralamalarla bir-birini anlayırdılar” şərhini vermək hazırkı dövrümüz haqqında onları doğru nəticələrə aparacaqmı?
Qeydlər:
12. BBC News, 22 fiubat 200