Bu həqiqət ictimai həyat və tarixə də şamil edilir. Xalqların, dolayısilə dünya tarixini də özümüz kimi məhdud olan zaman və məkan anlayışları içərisində qəbul edib qiymətləndiririk. Bu nisbi anlayışa əsasən, biz dünya tarixini dövrlərə ayırır və təhlil edirik.
Biz 5 duyğu orqanlarımızla hiss edir və yaşayırıq. Beş duyğu orqanının vasitəsi ilə mümkün olanları qəbul edirik, bu çərçivədən kənara heç vaxt çıxa bilmərik. Yaşadığımız zamanı və məkanı da bu cür qəbul edirik. Beynimiz 5 duyğu orqanı ilə bir varlığı müəyyən edə bilmirsə, o varlıq üçün “yox oldu” deyirik. Bununla əlaqədar olaraq yaddaşımız hansı hadisəni və yaxud da təsvir və ya hissiyyatı saxlayırsa, o, bizim üçün vardır, yəni diridir. Nəyi unudursa, artıq o, bizim üçün yoxdur. Başqa sözlə, yaddaşımızda olmayan varlıqlar və hadisələr bizim üçün ölmüşdür, keçmişdir, yox olmuşdur.
Lakin bu, sadəcə insanlara şamil edilən bir vəziyyətdir; belə ki, sadəcə insanların yaddaşı məhduddur. Allah`ın yaddaşı isə hər şeydən üstündür. Lakin bu məqamda “Allah`ın yaddaşı” anlayışından istifadə edilməsi yalnız mövzunu izah etmək məqsədini daşıdığını qeyd etmək yerinə düşərdi, başqa cür iki yaddaş arasında hər hansı müqayisə və yaxud da bənzətmə qəti olaraq mümkün deyil. Allah hər şeyi yoxdan var edən və hər şeyi incə detallarına qədər biləndir.
Allah`ın yaddaşı sonsuzdur, belə olan halda, yaddaşından heç nə silinməz. Başqa sözlə, Allah`ın yaratdığı heç bir canlı ölərək yox olmaz, heç bir çiçək solub yox olmaz, heç bir içki bitməz, heç bir zaman müddəti keçməz, heç bir qida məhsulu tükənməz... Allah qatında kainat ilk toz buludu olduğu vəziyyətində durur, Stonhencin daşları daşınır, Misir ehramları inşa edilir, şumerlər səmanı müşahidə edir, neandertallar həyatlarına davam edir, Lasko mağarasındakı rəssam rəsmləri çəkir, Çatalhöyükdə gündəlik həyat yaşanır, İkinci Dünya Müharibəsi davam edir, qısaca olaraq demək olar ki, tarix boyunca baş vermiş hər an Allah qatında olduğu kimi durur. Eyni şəkildə, bundan minlərlə il sonra yaşayacaq xalqlar da Allah qatında sivilizasiyalarını qurur, ictimai quruluşlarını formalaşdırır, gündəlik həyatlarını davam etdirirlər.
Hər varlığın və hadisənin yaradıldığı anda, əslində, onun üçün sonsuzluq da başlamışdır. Məsələn, bir çiçək yaradıldıqda, əslində, bir daha yox olmamaq üçün yaradılmışdır. Bu canlının, ya da əşyanın insanın görmə dairəsindən çıxması, insanın yaddaşından silinməsi onun yox olması, ölməsi demək deyil. Vacib olan Allah`ın yaddaşındakı Allah`ın qatındakı vəziyyətidir. Və Allah`ın yaddaşında bu canlının var olması da, həyatı boyu yaşadığı anlar da, ölümü də mövcuddur.