Mesopotamİya və Mİsİrdə əldə edİlən arxeolojİ tapıntılar

tarixi yalan daş dövrü

Mesopotamiya ovalığı tarixi qaynaqlarda sivilizasiyaların beşiyi olaraq adlandırılır. Mesopotamiya ovalığına çox da uzaq olmayan bir yerdə isə qədim Misir sivilizasiyası var idi.

Bu sivilizasiyalarla əlaqədar aparılan arxeoloji qazıntılarda diqqəti cəlb edən xüsusiyyətlərdən biri bu xalqların dini etiqadına dair əldə edilən tapıntılar idi. Əldə edilən kitabələrdə çoxsaylı saxta ilahların gördüyü işlər izah edilirdi. Daha çox tapıntı əldə etdikcə və tədqiqatçılar bunları oxumaq üçün daha uğurlu vasitələrdən istifadə etdikcə bu sivilizasiyaların inancları ilə əlaqədar bəzi təfsilatlar ortaya çıxmağa başladı. Diqqəti çəkən ən əhəmiyyətli məqam isə bu qövmlərin inandığı batil ilahların hamısından daha vacibi tək bir ilah inancının olması idi. Əldə edilən tarixi qeydlər və tapıntılar tarix boyunca haqq dinin var olduğunu göstərirdi. Növbəti səhifələrimizdə araşdıracağımız Mesopotamiya, Misir, hind, Avropa mədəniyyətlərindən başqa, astek, ink, mayyalar kimi Amerika mədəniyyətlərinə də tək İlah inancının məlum olduğu, özlərinə haqq dini təbliğ edən xəbərdar edicilərin gəldiyini göstərən dəlillər əldə edilmişdir. Çoxtanrılı inancın içində tək Tanrı inancının gizli olduğunu aşkar edən ilk tədqiqatçılardan biri Oksford Universitetindən Stiven Lenqdon (Stephen Langdon), 1931-ci ildə əldə etdiyi məlumatların elm dünyasına agah edərkən əldə etdiyi məlumatların çox gözlənilməz olduğunu deyirdi, çünki bu tapıntıların daha əvvəlki təkamülçü izahlara tamamilə zidd olduğunu başa düşürdü. Lenqdon tapıntılarını belə şərh edirdi:

Mənim zənnimcə, insanın ən qədim tarixi tək Tanrı inancından (sözdə) çoxlu sayda tanrının və şər qüvvələrin varlığının inancına doğru çox tez bir pozulmanı göstərir...82

Lenqdon 5 il sonra “The Scotsman” adlı jurnalda isə aşağıdakıları yazırdı:

... Bütün dəlillər, qəti olaraq başlanğıcda bir tək Tanrı inancının mövcud olduğunu göstərir. Sami mənşəli xalqların arxeoloji və ədəbi tapıntıları da ən qədim zamanlarda belə tək Tanrı inancının var olduğunu göstərir. Yəhudi dininin və digər Sami mənşəli dinlərin totemistik, bütlərə əsaslanan bir mənşəyə malik olması nəzəriyyəsinin tamamilə əsassız olduğu bu gün qəbul edilmişdir.83

Hazırkı dövrümüzdə Tel-Əsmər adlandırılan e.ə. 3000-ci ilə aid bir şumer şəhərində aparılan qazıntılarda da Lenqtonun dediklərini tamamilə təsdiqləyəcək tapıntılar əldə edildi. Qazıntılara rəhbərlik edən Henri Frankfort rəsmi hesabatında belə yazırdı:

Qazıntılarımız bütün dəyərli tapıntılara, əlavə olaraq, Babil dinləri haqqında bəzi çox vacib həqiqətləri aşkarladı. Bir sosial sistem içində dini dəyərlərin necə yerləşdirilmiş olduğuna ilk dəfə şahid oluruq.

Bir məbəd və bu məbəddə ibadət etməkdə olan insanların evlərinin qalıqları tapıldı. Bu səbəbdən, ayrı-ayrılıqda bir məna ifadə etməyən tapıntıları bir bütün olaraq qiymətləndirə bilirik.

Məsələn, möhürlərin üzərindəki rəsmlərdə ümumi olaraq ilahlara sitayiş əks olunur. Lakin bu rəsmlərin hamısında həmin məbəddə sadəcə bir Tanrı inancının olduğu görünür. Bu səbəbdən də ən qədim zamandakı Şumer-Akkad etiqad sistemi içərisində bu tək İlahın fərqli xüsusiyyətləri ayrıca ilahlar hesab edildiyi aydın olur.84

Frankfortun tapıntıları çox vacib bir həqiqəti göstərirdi: batil, çoxtanrılı etiqad sisteminin meydana gəlmə forması. Birdən çox ilaha sitayiş azğınlığı dinlərin təkamülü nəzəriyyəsinin iddia etdiyi kimi, insanların təbiət güclərini təmsil edən bəzi şər qüvvələrə sitayiş etmələri ilə meydana gəlməmişdi. Bir və tək olan İlahın fərqli sifətləri insanlar tərəfindən müəyyən müddət ərzində müxtəlif cür şərh edilmişdir və tək İlah etiqadında pozulmalar meydana gəlmişdir. Tək bir İlahın fərqli sifətləri müəyyən müddətdə çoxtanrılıq etiqadına çevrilmişdir.

Lenqdonun Şumer lövhələrinin tərcümələrini nəşr etdirməsindən bir müddət əvvəl Fridrix Deliç adlı tədqiqatçı da buna bənzər kəşfə imza atmışdı. Bu tədqiqatçı Babil etiqad sistemi içərisindəki çox saylı ilahın həqiqətdə həmin dövrdə Marduk olaraq adlandırılan tək bir İlahın fərqli xüsusiyyətlərindən irəli gəldiyini aşkar etmişdir. Aparılan araşdırmalar Marduk inancının da haqq olan tək İlah etiqadının zaman içərisində pozulması ilə əmələ gəldiyini göstərirdi.

Marduk adlandırılan tək İlahın müxtəlif adları var idi. Bunlardan bəziləri Ninib (güc sahibi), Nergal (müharibə Tanrısı), Bel (tək İlah), Nebo (xəbər gətirən İlah), Sin (gecəni aydınlaşdıran), Şamaş (ədalət Tanrısı), Addu (yağış Tanrısı) idi. Müəyyən müddət ərzində Mardukun bu xüsusiyyətləri sanki Mardukdan əlaqəsi olmadan güclənmiş kimi müxtəlif tanrılara çevrilmişdi. Eyni şəkildə, Günəş Tanrısı, Ay tanrısı kimi bir çox batil ilahlar xəyal gücünün təsiri ilə yaradılmışdır. Göründüyü kimi, həm Marduk inancı, həm də bu saxta ilahın digər adları bu inancın, əslində, Allah inancının zaman içərisində bəzi insanlar tərəfindən pozulması ilə ortaya çıxdığını göstərir.

Buna bənzər pozulma izlərini qədim Misirdə də görmək mümkündür. Tədqiqatçılar qədim Misirin, əvvəlcə, təktanrılı bir etiqad sisteminə sahib olduğunu, daha sonra bu təktanrılı etiqadın bəzi insanlar tərəfindən təhrif edilərək Günəşə sitayiş edən sabiliyə çevrildiyini aşkar etmişdilər. Antropoloq M.De Ruj bu barədə aşağıdakıları demişdir:

Misir dininin əmələ gəlməsi çoxsaylı tanrının ələnərək tək Tanrıya çevrilməsi ilə olmamışdır. Əksinə, Misir dininin tək Allah inancına yaxın olduğu zamanlar bu sivilizasiyanın təsdiq edilən qədim zamanları ilə üst-üstə düşür. Misir dininin son mərhələləri isə bütün Misir dininin ən çox pozulmuş dövrü olmuşdur.85

Antropoloq Sir Flinders Petri də çoxtanrılı batil inancların təktanrılı tövhid inancını daşıyan dinlərin zaman içərisində təhrif edilməsi ilə meydana gəldiyini demişdir. Bundan başqa, bu pozulma prosesi sadəcə keçmişdə yaşamış cəmiyyətlərdə deyil, günümüzdə də müşahidə edilir. Petri belə demişdir:

Qədim zamanlardakı dinlərdə bir çox sinfə aid edilən tanrılara rast gəlinir. Lakin günümüzdəki bir çox mədəniyyətdə də belə bir yanaşma nümayiş olunur. Məsələn, bir hindu sayları getdikcə artan tanrı və tanrıçalar arasında yaşamaqdan zövq alır... Digərləri isə tanrılara belə sitayiş etməzlər, animistik ruhlara, şeytanlara sitayiş edirlər...

Əgər ruhlara sitayiş tək bir İlaha sitayişə qədər gedib çıxan təkamül prosesinin ilk pilləsi olsaydı, belə olan halda, çoxtanrılığın getdikcə təktanrılığa təkmilləşməsinin dəlillərini görməli idik... Bunun tam əksinə, görə bildiyimiz tək Allah inancının hər zaman ilk pillədə olmasıdır...

Çoxtanrılı etiqadın ilk əmələ gəlməsinə qədər müşahidə edə bildiyiniz hər yerdə bunun tək Allah inancının bir müxtəlifliyi olduğunu görürük.86

Qeydlər:

82. Stephen H. Langdon, "Semitic Mytology of All Races", Vol. V, Archaeol. Instit. Amer., 1931, s. xviii

83. Stephen H. Langdon, The Scotsman, 18 noyabr, 1936

84. H. Frankfort, Third Preliminary Report on Excavations at Tell Asmar (Eshnunna): Quoted by P.J. Wiseman in New Discoveries in Babylonia about Genesis, Marshall, Morgan and Scott, səh. 24.

85. P. Le Renouf, "Lectures on the Origin and Growth of Religion" as illustrated by the Religion of Ancient Egypt, Williams and Norgate, London, 1897, s. 90

86. Sir Flinders Petrie, The Religion of Ancient Egypt, Constable, London, 1908, səh. 3-4

DİGƏR MƏQALƏLƏR