SİVİLİZASİYALAR İNKİŞAF ETDİYİ KİMİ GERİLƏYƏ DƏ BİLƏR …

tarixi yalan daş dövrü

Darvinizmin iddiası insanın və bilavasitə sahib olduğu mədəniyyətin ibtidai formadan aliyə doğru inkişaf etməsidir. Lakin arxeoloji qazıntılar bəşər tarixinin ilk günlərindən etibarən cəmiyyətlərin çox qabaqcıl mədəniyyətə sahib olduğu dövrlərin olduğu kimi, çox geridə qalmış mədəniyyətlərin mövcud olduğu dövrlərin də mövcud olduğunu göstərir. Hətta əksər hallarda çox zəngin sivilizasiyalarla eyni dövrdə geridə qalmış mədəniyyətlər də olmuşdur. Tarix boyu eyni dövrdə yaşayan cəmiyyətlərin əksəriyyətinin texnoloji və sivilizasiya səviyyəsi, sosial və mədəni strukturu eynilə bugünkü gündə olduğu kimi, bir-birindən fərqlənmişdir. Məsələn, hal-hazırda Şimali Amerika qitəsi tibdə, elmdə, memarlıqda və texnologiya sahəsində olduqca inkişaf etməsinə baxmayaraq, Cənubi Amerikanın müxtəlif bölgələrində texnologiya baxımından olduqca geridə qalmış, müasir dünya ilə heç bir əlaqəsi olmayan xalqlar yaşayır. Dünyanın bir çox yerlərində xəstəliklərə ən müasir təsvirli texnika və analizlərə əsasən diaqnoz qoyularaq son dərəcə müasir şərtlərdə müalicə edildiyi halda, digər yerlərdə də xəstəliklərin guya şər qüvvələrin təsiri ilə meydana gəldiyinə inanaraq yalançı şər qüvvələri qovmaq üçün ayinlər keçirməklə müalicə edənlər var. E.ə. 3000 il əvvəl yaşayan şumerlər, qədim misirlilər, hindlilər kimi xalqlar hər baxımdan hal-hazırda yaşayan bu qəbilələrlə -hətta bu qəbilələrdən irəlidə olan bir çox xalqlarla- müqayisə edilməyəcək dərəcədə yüksək mədəniyyətə sahib idilər. Minlərlə il əvvəl yaşayan cəmiyyət 20-ci əsrdəki bir cəmiyyətdən daha da irəliyə gedə bilmişdir. Bu da bizə tarixin axınının təkamül prosesi içərisində meydana gəlmədiyini, yəni tarix boyu ibtidai cəmiyyətdən mədəni cəmiyyətə doğru bir irəliləyişin olmadığını göstərir.

Əlbəttə ki, tarixi proses içərisində hər sahədə böyük irəliləyişlər qeyd edilmiş, elm və texnologiyada böyük nailiyyətlər əldə olunmuşdur. Lakin bu dəyişiklikləri təkamülçülər və materialistlərin iddia etdiyi kimi, təkamül prosesi olaraq xarakterizə etmək ağıllı və elmi bir yanaşma deyil. Mədəniyyətin zənginləşməsi və təcrübə toplamaq sayəsində texnologiya və elm kimi sahələrdə daima bir irəliləyişin olması əsas məsələdir. Lakin burada vacib məqam budur ki, müasir insanla minlərlə il əvvəl yaşayan insan arasında zəka və bacarıq baxımından heç bir fərq yoxdur. 20-ci əsrdəki insanların beyin həcmi və zəkası daha çox inkişaf etdiyi üçün daha çağdaş sivilizasiyaya malik olduğumuz fikri təkamül nəzəriyyəsinin təlqin edilməsi nəticəsində əmələ gələn səhv nəzər nöqtəsidir. Halbuki, bugünkü gündə belə, müxtəlif bölgələrdə yaşayan xalqların fərqli dərrakələri və mədəniyyətləri ola bilər. Məsələn, bu gün Avstraliyadakı bir aborigenin ABŞ-dakı bir alimin sahib olduğu biliyə malik olmaması onun zəkasının və ya beyninin kifayət qədər inkişaf etmədiyini göstərmir. Çox ağıllı olmasına baxmayaraq, bu cür qəbilə içində doğulub həyatını sürdürən, hətta elektrikin varlığından belə xəbərsiz olan bir çox insan vardır. Bundan əlavə, müxtəlif əsrlərdə müxtəlif ehtiyaclar yarana bilərdi. Məsələn, hal-hazırkı dövrdə moda anlayışı ilə misirlilərin moda anlayışının eyni olmaması bizim mədəniyyətimizin onlarınkından daha mütərəqqi olduğunu göstərməz. 20-ci əsrdə mədəniyyətin əlaməti göydələnlər ikən, qədim Misir dövründə sivilizasiyanın göstəricisi ehramlar və sfinkslər idi.

Əldə edilən tapıntıların hansı nöqteyi-nəzərdən dəyərləndirilmiş olması məsələsi çox böyük əhəmiyyət kəsb edir. Tapıntıların guya təkamülə məruz qalması barədə ön mühakimə ilə hərəkət edən bir insan əlinə keçən istənilən məlumatı həmin fikrə uyğun olaraq qiymətləndirəcəkdir. Beləliklə də uydurma hekayələrlə öz fikrini müdafiə etməyə çalışacaq. Tapdığı tək bir sümük parçasının əsasında həmin bölgədə yaşayan insanların hisslərini, məişətlərini, ailə quruluşları, sosial əlaqələri kimi bir çox xırdalığı ön mühakiməyə əsasən təqdim edəcəkdir. Həmin sümük parçasından həmin dövrdə yarı dik dura bilən, bədəni tüklərlə örtülmüş, xırıltılı səslər çıxaran, daş alətlərdən istifadə edən insanların yaşadığı barədə qənaətə gələn insan elmi dəlillər bunu göstərdiyi üçün deyil, ideologiyası bunu tələb etdiyi üçün belə bir hekayə danışmaqdadır. Çünki əldə edilən məlumatlar həqiqətdə belə bir mənzərəni təkzib edir. Bu uydurma mənzərə darvinist konsepsiyanın şərhləri ilə meydana gəlmişdir.

Müasir dövrdə tapdıqları fosil qalıqlarına, yonulmuş daşlara, mağara divarlarına çəkilmiş şəkillərə baxaraq həmin dövr haqqında xırdalıqları ilə şərhlər verən bəzi arxeoloqların vəziyyəti də bu misaldan çox da fərqli deyil. Buna baxmayaraq, əllərində olan dəlilləri ön mühakiməyə əsasən bir yanaşma ilə qiymətləndirərək guya ibtidai insanın demək olar ki, həyatının hər anına dair hekayələr yazan təkamülçülərin qondarma təsvir və nağılları bir çox jurnal və qəzet səhifələrini bəzəyir. Müasir dövrün məşhur təkamülçülərdən Luis Likin (Louis Leakey) guya ibtidai insanın məişətinə dair yazdığı ssenarilərdən biri:

“Bir anlıq 20-30 min il qədər geriyə gedərək bir qaya sığınağında yer alan hadisələri bir-bir izləyə biləcəyimizi fərz edək: daş dövründə yaşayan bir ovçu vadidə ogünkü ovunun arxasınca düşərkən, birdən təpədəki sıldırım yarğanın yanında bir qayada sığınacaq görür. Buranın şir və ya mağara ayısının yuvası olduğunu düşünərək və ya başqa bir ailənin məskəni olma ehtimalına görə çox diqqətlə buraya qalxır. Xeyli yaxınlaşandan sonra oranın boş olduğunu görür, sonra içəri daxil olur və yaxşıca ətrafı yoxlayır. Buranın ailəsi ilə birlikdə yaşadığı kiçik sığınacaqdan qat-qat əlverişli olduğu qənaətinə gələn ovçu ailəsinin digər üzvlərini buraya gətirməyə gedir. Bundan sonra isə ailənin yeni evlərinə gələrək yerləşdiklərini görərik. Bu təzə evin ocağı, ya çox böyük ehtimalla əvvəlki evdən gətirilən bir neçə köz parçasından və yaxud da iki taxta parçasının bir-birinə sürtülməsi ilə əldə edilir. (Daş dövründə insanın odu necə əldə etdiyi tamlığı ilə bilinməsə də, ən qədim dövrlərdən bəri oddan istifadə etdikləri və ondan yararlandıqları faktdır. Belə ki, mağara və qaya sığınacaqlarındakı, demək olar ki, bütün məskən laylarında ocaqlara məişətin bir hissəsi olaraq rast gəlinir). Bəlkə bundan sonra ailənin bəzi fərdləri yataq hazırlamaq üçün ot yığmağa gedəcəkdir. Ailənin digər fərdləri isə ətrafdakı tikanlı kol və kolluqdan budaq qıraraq məskən saldıqları bu yeni evin önünə böyük bir çəpər hörərlər. Bu müddət ərzində evin əşyaları yerləşdirilir və müxtəlif heyvan dəriləri gətirib yerə sərilir. Bunda sonra ailə təzə evlərinə yerləşmiş olurlar. Qida ehtiyacı üçün kişilər vəhşi heyvanları ovlayırlar. Qadınlar ov zamanı kişilərə kömək etdikləri kimi, yeməli meyvələri, qabıqlı meyvələri və kök yığmaqla məşğul olurlar”.3

Ən kiçik xırdalıqlara qədər təsvir edilən bu ssenari hər hansı bir elmi tapıntıya deyil, tamamilə müəllifin təxəyyülünə əsaslanır. Bu və buna bənzər hekayələri bir sıra elmi sözlərlə bəzəyib təqdim edən təkamülçülər bir neçə sümük parçasına əsasən, bütün bu xırdalıqları formalaşdırmışlar. (Bundan əlavə, tapılmış bu fosillər, təkamülçülərin iddialarının tamamilə əksini göstərir, təkamül prosesinin əsla yaşanmadığını sübut edir.) Halbuki, sümük parçalarının qədim dövrlərdə yaşamış insanların hansı hisslərlə hərəkət etdiklərinə, gündəlik məişətlərində nələr etdiklərinə, aralarındakı iş bölümünün hansı formada olmasına dair dəqiq məlumat verməyəcəyi açıq görünür. Lakin buna bənzər uydurma ssenarilər və şəkillərlə zənginləşən insanın təkamülü nağılı, təkamülçülər tərəfindən çox tez-tez istifadə edilir. Təkamül nəzəriyyəsinin təqdim edildiyi ilk gündən etibarən bu doqmadan yaxa qurtara bilməyən saysız hesabsız təkamülçü yuxarıdakı ssenarinin müxtəlif versiyalarını irəli sürmüşdür. Məqsəd isə həqiqətləri izah etmək deyil, insanlara təlqin və təbliğ yolu ilə ibtidai insanın yaşadığına inandırmaqdır.

Təkamülçü alimlər əllərində heç bir dəlil olmadan bu cür ssenarilər uyduraraq öz iddialarını sübut etməyə çalışsalar belə, rast gəldikləri hər tapıntı tərəfsiz olaraq qiymətləndirilmədiyi zaman onlara bəzi həqiqətləri çox açıq şəkildə göstərir. Bunlardan biri odur ki, insan mövcud olduğu ilk gündən insandır. İnsanın zəkası, sənətkarlıq və estetik bacarığı kimi xüsusiyyətləri tarixin hər bir dövründə eyni olmuşdur. Keçmişdə də təkamülçülərin iddia etdikləri kimi ibtidai, yarı heyvan yarı insan olan məxluqlar deyil, bizim kimi düşünən, danışan, sənət əsərləri meydana gətirən, mədəni və əxlaqa sahib olan insanlar yaşamışdır. Kitabda bundan sonra da bəhs edəcəyimiz kimi, arxeoloji və paleontoloji tapıntılar dəqiq və açıq bir şəkildə bu həqiqəti sübut edir.

Qeydlər:

3. L.S.B.Leakey, “İnsanın ataları”, “Türk Tarih Kurumu” nəşrləri, Ankara, 1988, səh. 8

DİGƏR MƏQALƏLƏR