Biz, bizə verilən təlqinə görə, keçmiş, indi və gələcək kimi bölümlərə ayrılmış zaman müddətlərini yaşadığımızı zənn edirik. Halbuki, keçmiş kimi bir anlayışa sahib olmağımızın yeganə səbəbi -bundan əvvəl də qeyd etdiyimiz kimi- yaddaşımıza bəzi hadisələrin daxil edilməsidir. Məsələn, ilk dəfə məktəbə getdiyimiz an yaddaşımızda olan bir məlumatdır və biz bu səbəblə bunu keçmiş bir hadisə olaraq qəbul edirik. Gələcəklə bağlı hadisələri isə yaddaşımızda yoxdur. Bu səbəbdən, biz hələ xəbərdar olmadığımız bu hadisələri “olacaq”, “gələcəkdə baş verəcək” hadisələr olaraq qəbul edirik. Halbuki, necə keçmiş bizim üçün yaşanmış, təcrübədən keçmiş, görülmüş hadisələrdisə, gələcək də bu cür yaşanmışdır. Lakin bu hadisələr bizim yaddaşımıza verilmədiyi üçün biz bunları bilmirik.
Əgər Allah gələcəklə bağlı hadisələri də yaddaşımıza daxil etsəydi, onda gələcək də bizim üçün keçmiş olardı. Məsələn, 30 yaşındakı bir insanın yaddaşında 30 illik xatirələr, hadisələr olur və bu səbəbdən də bu insan 30 illik bir keçmişinin olduğunu düşünür. Əgər bu insanın yaddaşında 30 ilə 70 yaş arasındakı gələcəyinə dair hadisələr verilmiş olsa, onda 30 yaşındakı bu insan üçün həm 30 ili, həm də 30 ilə 70 yaş arasındakı “gələcəyi” keçmiş olur. Belə ki, bu vəziyyətdə keçmişi də gələcəyi də yaddaşında olacaq, hər ikisi də onun üçün baş vermiş, görülmüş, təcrübədən keçmiş hadisələr olacaq.
Lakin Allah bizə hadisələri müəyyən bir sıra ilə kiçikdən böyüyə doğru baş verəcək şəkildə, sanki keçmişdən gələcəyə axan bir zaman varmış kimi qəbul etdirdiyi üçün bizə gələcəyimizlə bağlı hadisələri bildirməz, bunların məlumatlarını yaddaşımıza verməz. Gələcək bizim yaddaşımızda yoxdur, lakin Allah`ın sonsuz yaddaşında, bütün insanların keçmişləri və gələcəkləri vardır. Bu bir insanın həyatını, artıq mövcud bir filmdə izləməsi kimidir. Film artıq çəkilmiş və bitmişdir. Lakin bu filmi irəliyə yığmaq imkanı olmayan insan kadrları bir-birinin ardınca izlədikcə həyatını görür. Hələ görmədiyi kadrların isə gələcəyi olduğunu zənn edərək yanılır.