Bugünkü gündə sahib olduğumuz nəhəng sivilizasiyadan bundan yüz minlərlə il sonra geriyə nə qalacağını düşünün. Minlərlə ilin mədəni irsi, rəsm əsərləri, heykəltəraşlıq nümunələri, saraylar yox olacaq, texnologiyaya aid demək olar ki heç bir iz qalmayacaq. Xüsusi olaraq eroziyaya davamlı istehsal edilən bir çox material belə müəyyən bir müddət ərzində -təbii şəraitdə- aşınmaya başlayacaqdır. Bütün materialların müəyyən müddətdən sonra bərpaya ehtiyacı olur, belə ki, polad paslanır, beton aşınır, torpaq altında qurğular çürüyür. Həm də bunların üstündən minlərlə il keçdiyini, minlərlə ton yağışa, şiddətli küləyə, selə, zəlzələyə məruz qaldıqlarını düşünün. Bəlkə də geriyə qalan eyni keçmişdən bizə qalan sadəcə işlənmiş iri daş parçaları, binaların tikildiyi blok daşlar və bəzi heykəl qalıntıları olacaqdır. Və yaxud müasir dövrün inkişaf etmiş sivilizasiyasından geriyə gündəlik həyatımızı tam anlaya biləcəkləri bir iz qalmadığı halda, Afrikada, Avstraliyada yaşayan qəbilələrdən bəzi izlər qalacaq. Yəni sahib olduğumuz texnologiyanın (televizor, kompyuter, mikrodalğalı sobalar və s.) izləri qalmayacaq, lakin bəlkə də daş bir binanın ana xətləri, böyük bir heykəlin parçaları qalacaqdır. Həmin dövrdə alimlər bu izlərə baxaraq bizim yaşadığımız dövrdəki bütün cəmiyyətləri mədəni cəhətdən geridə qalmış kimi təqdim edərlərsə, bu, həqiqətən də, nə qədər həqiqətdən uzaqlaşmış olduqlarını göstərməzmi?
Və yaxud da bundan minlərlə il sonra üzərində Çin dilində yazıları olan bir əsəri tapan bir şəxs sadəcə bu məlumata əsaslanaraq, çinlilərin qəribə işarələrlə ünsiyyət quran, geridə qalmış bir növ olduğunu irəli sürərsə, bunun həqiqəti əks etdirməyən şərh olduğu açıq deyilmi? Və yaxud da belə bir misal verək: Rodenin “Mütəfəkkir” adlı heykəli bütün dünyada məşhurdur. Bu heykəlin on minlərlə il sonra gələcəyin arxeoloqları tərəfindən tapıldığını fərz edək. Əgər tədqiqatçıların nəzərdə tutulan cəmiyyətin inancı və yaşayışı barədə ön mühakiməli fikirləri varsa və əllərində kifayət qədər tarixi sübut yoxdursa, bu heykələ müxtəlif formalarda şərh verə bilərlər. Həmin cəmiyyətdə yaşamış insanların düşünən bir şəxsə sitayiş etdiklərini hesab edə bilərlər və ya bu heykəlin mifologiyada olan guya bir tanrıya aid olduğunu iddia edə bilərlər. Lakin bu gün biz bilirik ki, “Mütəfəkkir” heykəli sadəcə olaraq incəsənət naminə ərsəyə gələn bir sənət əsəridir. Yəni günümüzdən on minlərlə il sonra yaşayan bir tədqiqatçının əlindəki məlumatlar kifayət qədər deyilsə və bundan əlavə, həmin dövrə aid ön mühakiməli fikirləri varsa, həqiqətləri görə bilməsi imkansız olacaq. Bu səbəbdən də bu heykəli sahib olduğu ön mühakiməyə görə qiymətləndirəcək və zehnində buna uyğun olan bir ssenari uyduracaq. Buna görə də əldə edilən sübutların ön mühakiməsiz və tərəfsiz mövqedən qiymətləndirilməsi, hər tərəfli düşünərək hərəkət edilməsi olduqca vacibdir. Unutmamalıyıq ki, bu gün əlimizdə cəmiyyətlərin təkamülünə, ya da keçmiş cəmiyyətlərin ibtidai olmasına dair heç bir dəlil mövcud deyil. Onların irəli sürdükləri sadəcə fərziyyələrdən ibarətdir və təkamül ideyasını müdafiə edən tarixçilərin və yaxud da arxeoloqların qərəzli şərhlərinə əsaslanır. Məsələn, bir mağara divarına çəkilmiş heyvan fiqurları həmin ibtidai insanın çəkdiyi ibtidai şəkillər kimi təqdim edilmişdir. Halbuki, bu şəkillər həmin dövrün incəsənət xadimlərinin incəsənət haqqında anlayışını ifadə edə bilərdi. Yaşadığı dövrün şərtlərinə görə olduqca müasir geyimdə olan bir sənətçi yalnız incəsənət naminə bu rəsmləri çəkmiş ola bilər. Bundan başqa, bir çox alim sözügedən mağara rəsmlərini ibtidai bir zehnin məhsulu olmasının imkansız olduğunu vurğulayır.
Başqa bir misal, iti uclu daşların guya meymun-insan tərəfindən düzəldilmiş ilk alətlər olduğu irəli sürülmüşdür. Həmin dövrün insanları bu daşları formaya salaraq dekorativ məqsədlə də istifadə edə bilərdi. Mövcud olan parçaların, həmin dövrün insanları tərəfindən mütləq alət kimi istifadə etdiklərini göstərən bir dəlil yoxdur. Bu, bir fərziyyədir. Təkamülçü alimlər qazıntılar zamanı tapdıqları dəlilləri qərəzli mövqedən çıxış edərək araşdırmış, öz mülahizələrinə uyğun olaraq nəzəriyyəni sübut etmək üçün fosillərin üzərində dəyişikliklər aparmış və ya sadəcə uyğun hesab edilənləri götürərək digərlərini bir kənara atmışlar. Eyni oyun tarixin təkamülə məruz qaldığını göstərmək üçün də oynanılmışdı.5 Amerikalı antropoloq Melvill Herskovits “tarixin təkamülü” görüşünün meydana gəlmə formasını və təkamülçülərin sübutları dəyərləndirmə qaydasını belə açıqlamışdır:
Mədəni təkamülü müdafiə edən hər bir tədqiqatçı beynində canlandırdığı insan irqinin inkişafı ilə bağlı fərziyyə səhnə mizanı yaratmışdır. Bu səbəbdən, eyni təkamül nəzəriyyəsində şüurlu seçilən kəllə sümüklərində olduğu kimi, burada da bir-birinin ardından gələn hadisələr misal olaraq götürülməyib. Qeyd edilən nailiyyətlərin çoxu bir mədəniyyətin sadəcə bir istiqamətini göstərir.6
Herskovitsin bu fikirlərini təsdiq edən ən vacib misallardan biri təkamülçü etnoqraf Luis Henri Morqanın apardığı işlərdən biridir. Morqan sadədən mürəkkəbə doğru təkamül prosesinin baş verdiyini iddia etdiyi bir cəmiyyətin patriarxat və monoqam quruluşa çatmaq üçün keçirdiyi mərhələləri tədqiq etmişdir. Lakin bu araşdırmanı apararkən dünyanın dörd tərəfindən olan, bir-biriləri ilə heç bir əlaqəsi olmayan müxtəlif cəmiyyətləri misal olaraq götürmüş, almaq istədiyi nəticəyə görə bu cəmiyyətləri sıralamışdır. Yüz minlərlə mədəniyyət içində niyə məhz sadəcə nəzəriyyəsinə uyğun olan cəmiyyətləri seçdiyi açıq aydın görünür. Herskovits, Morqanın mülahizəsinə görə tarixi necə yenidən şərh etdiyini belə izah edir:
Morqan tarixdə soyu müəyyən edən patriarxat və monoqam sistemə hansı yollarla keçildiyini izah edərkən, ilk olaraq, Avstraliyadakı ibtidai qəbilələrdəki matriarxat sistemi götürmüş, daha sonra Amerikadakı qırmızıdərililərə keçərək burada nəsli müəyyən edən amilin kişinin olduğunu misal göstərmiş, daha sonra isə tarixdən əvvəlki dövrün ilk mərhələlərində ata xaqan, daha çox monoqam yunan qəbilələrini sosial təkamül zəncirinə əlavə etmiş, son olaraq da monoqam, ata xaqan cəmiyyət olaraq günümüzün mədəniyyətini göstərib təkamül zəncirini düzəltmişdi.7
Herskovits, Morqanın bu xəyali zəncirini: “Bu sıralama tarixi yanaşma baxımından uydurmadır”, -deyə təqdim etmişdir.
Qeydlər:
5. Abram Kardiner, “Posthumous Essays by Branislau Malinowski” adlı yazının xülasəsi, Scientific American, iyun 1918, səh. 58
6. Melville Herskovits, Man and His Works, Knopf: NY, 1950, səh. 467
7. Melville Herskovits, Man and His Works, Knopf: NY, 1950, səh.476