Tİbbİn başlanğıcı Qədİm Mİsİrdə

tarixi yalan daş dövrü

Qədim Misirdə tibbin yüksəldiyi səviyyə olduqca heyrətamizdir. Qazıntılar zamanı əldə edilən tapıntılar arxeoloqlardan əlavə, tarixçilərin də heyrətinə səbəb olmuşdur. Belə ki, heç bir tarixçi e.ə. 3000-ci illərdə yaşanan qədim sivilizasiyadan bu cür inkişaf etmiş bir texnologiya gözləmirdi. X-şüalarından istifadə edilməklə mumiyalar üzərində aparılan tədqiqatlar nəticəsində Qədim Misirdə beyin əməliyyatlarının həyata keçirildiyi məlum olmuşdur.45 Bundan əlavə, həmin əməliyyatlar peşəkar metodlardan istifadə edilməklə həyata keçirilmişdi. Cərrahi əməliyyat keçirmiş mumiyaların kəllə sümükləri tədqiq edildiyində əməliyyat yerlərinin qüsursuz qaydada kəsilmiş olduğu görünür. Hətta bu insanların əməliyyatdan sonra yaşadıqlarını sübut edən bitişmiş kəllə sümüklərinə rast gəlinmişdir.46

Digər bir misal isə bəzi dərmanlarla bağlıdır. 19-cu əsrdə olduqca sürətli irəliləyişi müşahidə edən eksperimental elm nəticəsində tibb sahəsində ən böyük yüksəlişlər oldu. Antibiotikin kəşfi də bu əsrdəki tərəqqilərdən biridir. Əslində, bunlara “kəşf edildi” demək səhv olardı, belə ki, bu texnikanın böyük hissəsi Qədim Misirdə onsuzda istifadə edilirdi.47

Misirlilərin tibb və anatomiya sahəsində nə qədər inkişaf etmiş olduqlarını göstərən ən başlıca əsərlərdən biri də, şübhəsiz ki, özlərindən sonra qalan mumiyalardır.

Cansız bədənin minlərlə il çürümədən saxlana bilməsini təmin edən mumiyalama prosesi, əslində, olduqca mürəkkəb bir prosesdir. Bu mövzuda misirlilərin istifadə etdiyi texnika qısa olaraq belədir. İlk olaraq ölünün daxili orqanları çıxarılır, burundan beyin alınır, cəsəd sterilizasiya edilir və natron adlı maddə ilə sarılır və 40 gün gözlənilir. (Natron - soda, natri bikarbonat və natri xlorla natri sulfatın qarışığından alınan bir maddədir). Daha sonra bu maddə cəsəddən çıxarılır, qol və ayaqlar kimi bədənin birləşmə yerləri palçıq və ya qumla sarılırdı. Sonra cəsəd kitrəyə (qətran) batırılmış kətanla, qoxulu bir növ sarı saqqız və darçınla sarılırdı. Bir növ məlhəmin bədənə sürtülməsindən sonra da nazik bir kətan tüllə örtülürdü.48

Misirlilər mumiyalama texnikalarını sadəcə insanlarda deyil, müxtəlif heyvanlarda da təcrübədən keçirmişlər. Qədim Misirdə tibbin olduqca inkişaf etmiş olması əldə olunan arxeoloji tapıntılardan və xüsusən mumiyalama texnikasından açıq şəkildə görünür. Bundan başqa unutmamalıyıq ki, bədənin formasını pozmadan, ölünün bütün daxili orqanlarını çıxardaraq mumiyalamaları bu işi görən insanların hər orqanın yerini biləcək qədər anatomiya biliyinə sahib olduqlarını göstərir.

Mumiyalamadan başqa misirlilər tərəfindən 5000 il əvvəl istifadə edilmiş bir çox tibbi texnika və alət də aparılan araşdırmalar nəticəsində gün işığına çıxarılmışdır. Bu mövzu ilə əlaqədar bir çox təfsilat saya bilərik:

- Misirdə tiblə maraqlanan rahiblər məbədlərdə müxtəlif xəstəlikləri müalicə edirdilər. Misirli həkimlər hazırkı dövrümüzdəki kimi müxtəlif sahələrdə ixtisaslaşmışdılar. Hər həkimin özünə aid sahəsi var idi. Göz həkimlərindən tutmuş diş həkimlərinə qədər hər sahədə ixtisaslaşmış həkimlər xidmət göstərirdilər.

- Misirdə həkimlər dövlətin nəzarətində idi. Əgər bir həkimin xəstəsi sağalmazsa və yaxud ölərsə, dövlət bu xətanın səbəblərini araşdırır və həkimin müalicə metodunun qaydalara uyğun olub-olmadığını aydınlaşdırırdı. Müalicə müddətində bir etinasızlıq göstərilmişsə, belə vəziyyət müəyyən edilir və həkimə qanunlar çərçivəsində cəza verilirdi.

- Məbədlərin hər biri dərmanların hazırlandığı və saxlanıldığı tam təchizatlı bir laboratoriyaya sahib idi.

- Məlum olan ilk əczaçılıq praktikası bandaj və kompresdən istifadənin nümunələrinə Misirdə rast gəlinmişdir. Smit Papirusunda kətan parçadan düzəldilən yapışqan sarğı lentlərindən yaraları bağlamaq üçün hansı formada istifadə edildiyindən bəhs edilir. Kətan parça, bundan əlavə də, bandaj üçün də münasib bir material idi.

- Arxeoloji tapıntılarda Misirdə mövcud olan bütün tibbi praktikaya aid təfsilatlı bir mənzərə əldə edilmişdir. Bununla bərabər, hər biri öz sahəsində ixtisaslaşmış 100-dən çox həkimin adı və ünvanı da tapılmışdır.

- Bundan başqa, Kom Ombodakı başqa bir məbəd divarında relyeflərdə bir cərrahi alət qutusunun şəkli çəkilmişdir. Bu qutu böyük metal bir qayçı, cərrahi bıçaqlar, yiyələr, kateter, qaşıqlar, kiçik ölçülü qarmaqlar və pinsetlər vardı.

- Mövcud texnika kəmiyyət və növ müxtəlifliyi baxımından çox zəngin idi. Sınıqlar, çatlar tam olaraq oturdurulur, sınıqlar üçün taxtalardan istifadə edilir və yaralar tikişlə bağlanırdı. Mumiyaların çoxunda olduqca müvəffəqiyyətlə müalicə edilmiş sınıqlara rast gəlmək mümkündür.

- Mumiyalarda hər hansı bir cərrahi tikiş izinə rast gəlinməməsinə baxmayaraq, yara tikilməsi ilə bağlı Smit Papirusunda (bu papirus tamamən tibbə aiddir) on üç istinad mövcuddur. Bu misirlilərin estetik tikiş qoymağı da bacardıqlarına işarə edir. Yaraların tikişi üçün kətan ipdən istifadə edilirdi. İynələr isə çox güman ki, misdən idi.

- Misirli həkimlər steril yara ilə infeksiya düşmüş yaraları ayırd edə bilirdilər. İnfeksiya düşmüş yaraların təmizlənməsində keçi yağı, küknar yağı və əzilmiş noxuddan ibarət bir qarışıqdan istifadə edirdilər.

- Penisillin və antibiotikin tapılması olduqca yenidir. Lakin Qədim misirlilər bu cür müalicələrin ilk orqanik versiyalarından istifadə edirdilər. Bundan başqa, misirlilər antibiotikin müxtəlif növlərini bilirdilər. Müəyyən növdən olan xəstəliklərə uyğun reseptlər yazırdılar.49

Göründüyü kimi, Misir mədəniyyəti tibb sahəsində olduqca əhəmiyyətli addımlar atmış, müalicə üsullarını inkişaf etdirmiş, ixtisaslı həkimlər yetişdirmişdi. Aparılan qazıntılarda, tibb sahəsində əldə edilən bu cür tərəqqidən əlavə, misirlilərin şəhərsalma və memarlıq kimi sahələrə maraq saldıqları ortaya çıxmışdı.

Qeydlər:

45. Moustafa Gadalla, Historical Deception: The Untold Story of Ancient Egypt, Basted Publishing, Erie, Pa. USA, 1996, səh. 295

46. Interview with Dr.Zaki Hawass, Director of the Pyramids, http://www.pbs.org/wgbh/nova/pyramid/excavation/hawass.html

47. Moustafa Gadalla, Historical Deception: The Untold Story of Ancient Egypt, Basted Publishing, Erie, Pa. USA, 1996, səh. 296

48.www.trms.ga.net/~jtucker/lessons/ss/ancegypt.html

49. Afet İnan, “Qədim Misir tarixi və mədəniyyəti”, “Türk Tarih Kurumu” Nəşriyyatı, Ankara: 1956, səh. 318

DİGƏR MƏQALƏLƏR